AMEA Mərkəzi Elmi Kitabxanasında nə baş verir? Sabiq direktor İlham Əliyevə MÜRACİƏT ETDİ

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sabiq direktoru Sevil Zülfüqarova Rəyasət Heyətinin 20 noyabr 2020-ci il qərarı ilə işdən çıxarılmasından sonra Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

S.Zülfüqarova müraciətində direktor vəzifəsinə təyinatından sonrakı 8 aylıq müddətdə çox ciddi islahatlar keçirdiyini vurğulayıb. O, uğurlu fəaliyyətinə rəğmən kitabxananın əvvəlki rəhbərliyindən qalma, onun tərəfindən aşkara çıxarılan neqativ, hətta cinayət əməllərinin AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başladığını vurğulayıb. Nöqsanları açıq şəkildə bildirdiyinə, təqsirkar şəxslərin cəzalandrılması tələb etdiyinə görə S.Zülfüqarovanı nəinki dinləmək istəməyiblər, hətta Rəyasət Heyətinin iclaslarına da çağırmayıblar. Müraciət bu sözlərlə bitir: “Bu həftənin əvvəlində isə COVİD-19-a yoluxduğumu, evdən çıxmağıma qadağan qoyulduğunu bildirsəm də, mənim işə gəlməyimi zorla təkid edərək işdən çıxarılacağımla hədələyiblər. Bu isə həm Sizin tapşırıq və tələblərinizə, həm də mövcud əmək qanunvericiliyimizə ziddir. Möhtərəm Prezident, pozulmuş hüquqlarımın qorunmasında mənə köməklik göstərməyinizi xahiş edirəm”.

Bununla yanaşı Sevil Zülfüqarova 2020-ci ilin mart-noyabr aylarında, yəni MEK-ə rəhbərlik etdiyi dövrdə görülən işlərlə bağlı hesabatını da mediaya göndərib. S.Zülfüqarova ona qarşı AMEA rəhbərliyi tərəfindən qəbul edilən qərarın və mediada səsləndirilən faktların yanlış olduğunu da açıqlayıb.

Sevil xanım Zülfüqarovanın MEK direktoru olduğu dönəmdə gördüyü işlərin Hesabatını olduğu kimi paylaşırıq:

Mən Zülfüqarova Sevil Kamil qızı 2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında kitabxanaçı – biblioqraf, AMEA-nın Əlyazmalar İnstitutunda baş mütəxəssis, Hüseyn Cavidin Ev Muzeyində elmi katib, Dilçilik İnstitutunda kitabxana şöbəsinin müdiri, ictimai əsaslarla AMEA Qadınlar Şurasında və Ailə, Qadın və Uşaq Komitəsinin AMEA-nın gender məsul şəxsi vəzifələrində çalışmışam. İşlədiyim idarə və müəssisələrdə bacarığım, iş qabiliyyətimlə seçilmiş, xalqıma və dövlətimə vicdanım və ləyaqətimlə xidmət etmişəm.

2020-ci il martın 3-dən Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin olunmuşam. Vəzifəyə təyin olunduğum etimadı doğrultmaq üçün var gücümlə çalışaraq işlərlə yaxından tanış oldum. 1923-cü ildə əsası qoyulmuş kitabxananın strukturu və kitab fondlarında ciddi nöqsanların olduğunu aşkarladım.

Sual olunur, 30 ilə yaxın dövr ərzində Qarabağda düşmən tərəfindən 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. 97 il tarixi olan, Bakının mərkəzində yerləşən MEK-in kitabxana fondlarını və misilsiz milli irsimiz kimlər tərəfindən dağıdılmış və məhv edilmişdir?

2014-2019-cu illər ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna və kadr ehtiyatına dəymiş ziyan və zərərləri qısaca olaraq çatdırmaq istəyirəm:

  1. 1937-ci ildə yaradılmış Kitabxana Şurası 2014-cü ildə ləğv edilmişdir.
  2. 2003-cü ildə yaradılmış Elmi Şura 2014-cü ildə ləğv edilmişdir.
  3. 1969-cu ildə yaradılmış Metodik şöbə (27 kitabxanaya metodik rəhbərlik etidiyi halda) 2014-cü ildə ləğv edilmişdir.
  4. 1967-ci ildə əsası qoyulmuş Qərb şöbəsi 2014-cü ildə ləğv edilmişdir.
  5. 1977-ci ildə yaradılmış Şərq ədəbiyyatı şöbəsi 2014-cü ildə ləğv edilmişdir.
  6. 2003-cü ildə əsası qoyulmuş Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şöbəsi 2014-cü ildə ləğv edilmişdir.
  7. 2012-ci ildə yaradılmış Aərbaycanşünaslıq şöbəsi 2014-cü ildə ləğv edilmişdir.
  8. 2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hal-hazırda 1.383.610 kitablıq fondu qalıb. O da zirzəmidə suyun içində saxlanılırdı.
  9. 2014-2019-cu illər heç bir ədəbiyyatın qeydiyyatı (“Baş kitab”) aparılmamış, fondların komplektləşdirməsi istiqamətində uyğun iş görülməmiş, ənənəvi kataloqa kartoçka yazılıb düzülməmişdir.
  10. 2014-cü il MEK-in baş kitabında (Depozitlər fondu) 135230 nüsxə ədəbiyyat göstərilsə də MEK-də hal hazırda 2019-cu ilin hesabatında 1743 nüsxə ədəbiyyat göstərilmişdir. Aradakı fərq 133.487 nüsxə təşkil edir.
  11. MEK-in 2014-cü il sənədində (Baş kitab) 822.819 nüsxə dövrü mətbuat qeyd edilsə də 2019-cu ilin hesabatında dövrü mətbuat 347.810 nüsxə göstərilir. Aradıkı fərq isə 475.009-dur.
  12. 2014-cü ilin MEK-in Baş kitabında fondun həcmi 2.222.824 qeyd olunmuşdur. 2019-cu il MEK-in hesabatında isə fondun həcmi 1.383.610 nüsxə ədəbiyyat qeyd olunmuşdur. Aradakı fərq 839.214 nüsxə təşkil edir ki, o da yerində aşkarlanmamışdır. Şöbə müdirlərindən əldə olunan (11 nəfər) izahatlara əsasən bu illər ərzində direktorun göstərişi ilə ümumi fonddan 111.263 nüsxə ədəbiyyat hədiyyə edilmiş, 70 ton kitab və jurnal təkrar emala (maklatura) göndərilmiş və 70 min ədəbiyyat MEK-in yeni binasına daşınmamış, oxucuların adında olan 5940 nüsxə ədbiyyat silinmiş, hal hazırda 1000-dən artıq kitabın aktı da hazırlanıb, silinməmiş olaraq qalır.
  13. 2014-2019-cu illər qəzet və jurnal məqaləsi işlənməmiş, kartotekası tərtib edilməmişdir Bu illərin boşluğunun necə doldurulacağı sual altındadır.
  14. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da tətbiq edilməmişdir, “kustar” üsulu ilə bir proqram yığılmış, proqramın sertifikatı yox, lisenziyası yox, ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinmişdir. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin kitabxanadakı komputerlərin və digər texniki avadanlıqıarın da lisenziyası yoxdur.
  15. Bu azmış kimi 122.567 AZN dəyərində 113 komputer, 18 proyektor oğurlanmışdır.
  16. 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238.449 AZN olan 42 adda avadanlıq (dəyəri 35.000 AZN olan book-driver, 23.000 AZN kitab üçün dezinfeksiyaedici aparat – şkaf, 28.500 AZN dəyərində Printer Manaxron H.plaz.r., 18.000 AZN dəyərində surətçıxarma aparatı “Konika”, 14.300 AZN dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz, 8.500 AZN server, 10.000 AZN rezoqraf A-3, 3000 AZN kabinet dəsti, 9600 AZN LED TV SONİ, 11000 AZN kallator (kitablar səhifələmək üçün), 5.700 AZN surətçıxarma aparatı, 4.500 AZN termo yapışdırıcı aparat, sürətli skaynerlər və s.) MEK-dən çıxarılmışdır. Bugün MEK-in bərpa konservasiya şöbəsində bərpaya ehtiyacı olan minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.
  17. 2014-cü ilə qədər elektron kitabxananın yaradılması üçün göz nuru, əl əməyi ilə çəkilmiş minlərlə pdf faylı MEK-in elektron bazasında öz əksini tapmamışdır.
  18. 2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15.037 nüsxə kitab göstərilsə də, hal hazırda fondda 10.015 nüsxə ədəbiyyat mövcuddur. Fondda 1403 nüsxə kitab müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da “oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, Nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.
  19. 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun “C” formatında (“C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9.957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə ədəbiyyat yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara invertar nömrələri yazaraq “C” formatına qoyulmuşdur ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyildir. Beləliklə, yoxlama zamanı “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmamazlığı aşkar olunub. (Şöbə müdirinin izahatı əsasında).
  20. MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılmışdır.
  21. Kitabxana fodndları haqqında dövri mətbuatdan götürülmüş faktlar

AMEA MEK “Elmi əsərlər” III buraxılış (Bakı-2000.səh.24) – MEK-in ümumi fondu 3 milyondan artıq;

  1. “Zerkalo” qəzeti №144, 2 avqust 2002-ci il – 4 milyon nüsxə;
  2. “Ayna” qəzeti №30, 2 avqust 2002-ci il – 4 milyon nüsxə;
  3. “Respublika” qəzeti 5 iyul 2001-ci il – 3.5 milyon nüsxə;
  4. “Elm” qəzeti №35-36, 25 dekabr 2001-ci il – 3,5 milyon nüsxə;
  5. “Mədəni maarif” №9 2004-cü il – (səh.47) – 5 milyon nüsxə.
  1. MEK-də 2014-cü ilə qədər çalışmış ixtisaslı kadrların siyahısına nəzər yetirdikdə 2014-2016-cı illər ərzində onlarla savadlı, bacarıqlı ixtisaslı kadrların işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssislərin birdən-birə uzaqlaşdırılması hansı səbəbdən baş verdiyi məlum deyil. Onların yerinə əsasən orta təhsilli şəxslər işə cəlb olunmuşdur ki, onların da əksəriyyəti şöbə və bölmə müdiri vəzifələrinə təyin edilmişdirlər.

Yeni direktor vəzifəsinə təyin edildiyim keçən 8 ay pandemiya şəraitinə təsadüf etdiyinə baxmayaraq qısa müddət ərzində fondların böyük bir hissəsi zirzəmidən suyun içərisindən çıxarılaraq yuxarı mərtəbələrə daşınmışdır. Lakin nöqsanları aradan qaldırmağa çalışsaq da kitabxanaın sıfıra enmiş nüfuzunu tam bərpa etmək mümkün olmadı. Belə ki, AMEA Rəyasət Heyətinin 16.07.2020-ci il tarixli, 12/14 №li əmrinə əsasən 2014-2019-cu illər ərzində ləğv edilmiş ən azı 30-40 il fəaliyyət göstərmiş köklü şöbələri yenidən bərpa edilmiş və fəaliyyət istiqamətinə uyğun olaraq yeni şöbələr yaradılmışdır.

  1. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi – Şöbənin başlıca məqsədi böyük dühanın xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət sayılan irsini toplamaq, elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir. Xalqımız bu irsə məhəbbətlə yanaşır və göz bəbəyi kimi qoruyur. MEK bundan sonrakı fəaliyyətində də Heydər Əliyev irsinin təbliğində əlindən gələni edəcəkdir.
  2. Azərbaycanşünaslıq şöbəsi – Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron – informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar da yeni rəhbərliyin müsbət addımıdır. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşmasıdır. Strateji məqsəd isə beynəlxalq səviyyədə elmi qurumlarla informasiya mübadiləsi apara biləcək “Azərbaycanşünaslıq” üzrə elektron informasiya mərkəzinin  yaradılmasıdır.
  3. Şərqşünaslıq şöbəsi – Şərqşünaslıq şöbəsinin strukturu: kitab fondu, kolleksiyalar fondu, arayış-məlumat nəşrləri fondu, qiraət zalı, sərgi guşəsi, konfrans zalından ibarətdir. Şərq üslubunun dizaynında tərtib edilmiş adı çəkilən bölmələrdə Şərqin işığında müzakirələr, dairəvi masalar, elmi görüşlər keçirə, öz tədiqatı, istifadə etdiyi mənbələr haqqında müsahibələr verə, əldə etmək istədiyi mənbələri hər hansı ölkədən sifariş edə bilər və ya öz elmi yaradıcılıq məhsulunun təbliğini, xarici ölkələrin digər elmi qurumları ilə informasiya mübadilsəsini təşkil edə bilər. Şərq ədəbiyyatı fondunda Əbü-la Müərra Sənan, İbn Sina, Əbu Reyhan Biruni, Xaqani, Şirvani, Nizami, Füzuli, Nəsimi, Firdovsi, Namik Kamal, Fuad Köprülüzadə, Əhməd bəy Atəş, Əli Əkbər Dehxuda, Səid Nəfisi, İmrən Qeys, Yaqut Həməvi, Katib Çələbi, İbn-əl Nədim  və b. yüzlərlə böyük şair və alimlərin  dünya miqyasında tanınmış  qaynaqları qorunur.  Şərq fondunda ərəb, fars, türk, urdu və s dillərdə həm klassik, həm də müasir dəyərli Şərq xalqları ədəbiyyatı, o cümlədən Azərbaycan və Avropa, rus dillərində Şərqə dair zəngin şərqşünaslıq  mənbələri, kitablar, sənədlər, materiallar, dövrü-mətbuat nümunələri və s. mühazifə olunur.
  4. Qərbşünaslıq şöbəsi – Qərbşünaslıq şöbəsinin strukturu: kitab fondu, arayış-məlumat nəşrləri fondu, qiraət zalı, sərgi guşəsi, konfrans zalından ibarətdir. Bu şöbənin də tərtibatında qərb ab-havasına uyğun dizayna üstnlük verilməsi diqqəti cəlb edir. Belə ki, yüksək zövqlə diyan edilmiş şöbədə elm adamları müzakirələr, konfranslar, elmi görüşlər keçirə, öz tədiqatı, istifadə etdiyi mənbələr haqqında müsahibələr verə, əldə etmək istədiyi mənbələri hər hansı ölkədən sifariş edə bilər və ya öz elmi yaradıcılıq məhsulunun təbliğini, xarici ölkələrin digər elmi qurumları ilə informasiya mübadilsəsini təşkil edə bilər.

Qərb fondunda Avropa dillərində həm klassik, həm də müasir dəyərli Avropa xalqları ədəbiyyatı, o cümlədən Avropa mənbələri, kitablar, sənədlər, materiallar, dövrü-mətbuat nümunələri və s. mühazifə olunur.

  1. İnnovativ layihələr və metodik təminat şöbəsi – MEK və ETİ kitabxana şəbəkəsinin fəaliyyətini dövrün tələblərinə uyğun istiqamətləndirmək, innovativ elmi-metodiki idarəetməni həyata keçirmək məqsədilə yeni yaranmış “İnnovativ layihələr və metodik təminat şöbəsi”nin əsas vəzifələrinə: kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi, müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, fandrayzing fəaliyyətinin genişləndirilməsi, fondların elmi tutumunun öyrənilməsi və zənginləşdirilməsi, elektron kitabxanaların qurulması, mühafızəsi, elmi işçilərin intellektual potensialının inkişafı üçün imkanların və şəraitin təmin olunması və s. daxildir. Şöbənin xidmət servisinə kitabxanalarla informasiya mübadiləsi şifahi və yazılı məsləhətlərin verilməsi, təlimati materialların, normativ-texniki sənədlərin tərtibi və s. daxildir.
  2. Ümumilikdə isə hesabat dövrü (5 may-29 oktyabr) ərzində şöbə əməkdaşları tərəfindən  aşağıda adları çəkilən şəxsi biblioqrafik göstəricilər hazırlanmışdır:

1) Akademik Dilqəm Tağıyevin şəxsi biblioqrafiyası   çap olunub;

  1. Akademik Adil Qəribovun şəxsi biblioqrafiyası çap olunub;

3) AMEA-nın müxbir üzvü Əli Xudu oğlu Nuriyevin şəxsi biblioqrafiyası         nəşriyyata göndərilib;

4) AMEA-nın müxbir üzvü Tehran Əlişan oğlu Mustafayevin şəxsi biblioqrafiyası   nəşriyyata göndərilib;

5)  Akademik Fuad Yusif oğlu Əliyev  şəxsi biblioqrafiyası   nəşriyyata göndərilib;

  • AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin şəxsi biblioqrafiyası üzrə materiallar sistemləşdirilir;

7) AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin şəxsi biblioqrafik göstəricisi redaktə prosesindədir;

8) AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın şəxsi biblioqrafiyasının materiallarının toplanması və müəllif nüsxəsi ilə tutuşdurulması  yekun  mərhələdədir;

  • AMEA-nın müxbir üzvü Şahbaz Musa oğlu Muradovun şəxsi biblioqrafiyasının materialları  toplanma mərhələsindədir;
  1. AKİS-in tətbiqi, e-kataloqun yaradılması – 2012-ci ildə kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqinə dair Dövlət Proqramına uyğun olaraq “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tətbiqinə start verilsə də bu iş yarımçıq dayandırılmış, yaradılmağa başlanan ilkin biblioqrfaik bazalar təhlükəsizlik texnikası gözlənilmədiyi üçün sıradan çıxmışdır. 2020-ci ilin avqust ayında yenidən bu məqsədlə AKİS-in tətbiqi, e-kataloqun yaradılması proseslərinin sürətləndirilməsi ilə əlaqədar İRBİS 64 proqram paketi alındı, yenidən sistemin tətbiqi və elektron kataloqun yaradılması proseslərinə start verildi. Sistem istifadəçi sayına məhdudiyyət qoyulmadan bütün növ lokal şəbəkələrdə işləyə bilər.  Sistemə  İnternet texnologiyalarını himayə edən modullar: WWW-server vasitəsilə İRBİS-in məlumat bazalarına girişə imkan verən Web-İRBIS və Z-39-50 protokoluna giriş üçün  verilənlər bazası serveri daxildir və beynəlxalq biblioqrafik format olan  və verilənlərin qarşılıqlı konversiyasını nəzərdə tutan UNIMARC və USMARC-a uyğunlaşdırılmışdır.
  2. Akademik fondlar – Akademik fondlar və akademik qiraət zalı da MEK-in innovativ olduğu qədər kreativ olan layihəsi sırasına daxildir. Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ bir prosesdir və AMEA MEK-də aparılan islahatların əsas tərkib hisslərindən birini təşkil edir. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetlərini əldə rəhbər tutaraq, elmin davamlı və sistemli inkişafının təmin edilməsi məqsədi ilə Akademik fondların təşkilinə start verilmişdir. Bu ənənəni davma etdimək məqsədi ilə Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərlyinə və hörmətli akademiklərimizə müraciət ünvanlanmışdır.

Akademik fondlara Azərbaycan AMEA-nın bütün struktur qurumlarında, elmi –sahəvi institutlarında,  Azərbaycanın  digər elmi qurumlarında  çalışan və ya çalışmış, dünya miqyasında tanınan və müxtəlif elm sahələrini təmsil edən alimlərin kolleksiyaları daxildir.

Akademik  kolleksiyaların tərkibinə: elmi əsərlər: kitablar,  elmi toplular, konfrans materialları, e-nəşrlər, avtoqraflı nəşrlər; şəxsi kitab kolleksiyası; fotosurətlər, reprint nəşrlər, albomlar, dövri mətbuat nümunələri və s. daxil ola bilər. Alimlərimizin və milli elmi irsimizin mühafizəsi və gələcək nəsillərə əmanət edilməsi kimi müqəddəs bir vəzifəni icra etməkdir.

  1. Regionların inkişaf perspektivlərini təmin edən elmi informasiya -Bölgələrdə elmi tədqiqat fəaliyyətini genişləndirilməsi, fundamental və tətbiqi araşdırmaların qarşılıqlı informasiya təminatının aparılması akademik elmin əsas vəzifələrindəndir. Azərbaycanın hər bir bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası, təbii ehtiyatları və s. əlaqədar aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti məlumatlandırmaq Mərkəzi Elmi Kitabxananın öhdəsinə düşən vəzifələr sırasına daxildir. Regionların inkişaf perspektivlərini təmin edən informasiya sistemlərinin yaradılması və tətbiqi  elmi informasiya mühitinin formalaşması üçün də əsas bazalardan biridir. Bu məqsədlə:
  2. AMEA-nın Bölmə və Elmi mərkəzlərinə və respublikanın digər elmi qurumlarına;
  3. AMEA Naxçıvan bölməsi;
  4. AMEA Gənc bölməsi;
  5. Şəki Elmi Mərkəzi;
  6. Lənkəran Elmi Mərkəzinə;
  7. Quba Elmi Mərkəzinə

innovativ informasiya xidməti servisini paketini təklif etdi: Elmi əsərlərin ənənəvi və elektron  nəşrlərinin qarşılıqlı istifadəsini nəzərdə tutan Biblioqrafik Məlumat Bazasının təşkil edilməsi; davamlı olaraq səyyar və virtual yenilənən sərgilərin nümayişi və fondların təşkili və s.

  1. “Qarabağ Azərbaycandır!” layihəsi – Azərbaycan ordusunun Azərbaycan torpaqlarının erməni işğalından azadlığı uğrunda göstərdiyi rəşadət, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” qətiyyəti bütün qlobal informasiya kanallarından dünyaya səslənməkdədir. Bu çağırışa Mərkəzi Elmi Kitabaxana da öz fəaliyyəti və yaratdığı informativ resurslarla, “Qarabağ Azərbaycandır!” adlı yeni layihəsi ilə qoşulmuşdu. Azərbaycan kitabxana-informasiya mühitində Qarabağla bağlı informasiya resurslarının müxtəlif aspektdə biblioqrafik siyahılar, xronikal salnamələr, göstərciləri və s. ənənəvi və elektron formatda istifadəçilərə təqdim edilmişdir. Lakin Qarabağı elmi biliklər sisteminin bütün parametrlərində əhatə edən və ciddi elmi nəşrləri, materialları, rəsmi sənədləri, bəyannamələri, foto və video-resursları və s. əhatə edən, başqa sözlə desək Qarabağla bağlı hər suallara, sorğuya dəqiq və ciddi elmi material təqdim edə biləcək bir mərkəzə ehtiyac var idi. Bu məqsədlə, “Qarabağ Azərbaycandır!” layihəsi üzrə nəinki Azərbaycan, eləcə də dünyanın bir çox alimlərinin müxtəlif dillərdə Qarabağ haqqında erməni saxtakarlığını təkzib edən elmi əsərlərin tammətnli elektron məlumat bazasının  bölgənin tarixi, əhalisi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, ekologiyası, yeraltı və yerüstü sərvətləri, fauna və florası, geologiyası bölmələri vardır. MEK-in saytında AMEA alimlərinin Qarabağla bağlı aktual mövzulara həsr olunmuş elmi yazıları dərc edilir, e-kitablar təqdim edilir, biblioqrafik bazalarda qeydiyyat işləri aparılır.

Otuz ilə yaxın dövr ərzində erməni işğalına məruz qalan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana, o cümlədən Şuşada 32, Laçında  119, Kəlbəcərdə 120, Ağdamda 107, Füzulidə 190, Qubadlıda 85, Zəngilanda 70 kiatabxana və s. – saxlanılan 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edildi. Heç şübhəsiz ki, oxucularını itirmiş kitabxanalarımız, muzeylərimiz, mədəniyyət abidələrimiz  dövlətimiz tərəfindən yenidən bərpa edildikdən sonra digər ölkə kitabxanaları kimi AMEA Mərkəzi Elmi Kitabxanasının da həmin kitabxanaların formalaşmasında köməklik göstərməsi ən vacib vəzifələrdən biri olmalıdır. Bundan irəli gələrək Mərkəzi Elmi Kitabxana aşağıdakı tədbirlər və layihələrin keçirilməsini nəzərdə tuturdu:

  1. 25 dekabr 2020-ci il tarixində keçiriləmsi nəzərdə tutulan “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” vebinar konfransı da bu sıradan tədbirlərimizdən olacaqdı. Konfransın əsas mövzuları İrəvan və ətraf rayon, şəhər, kənd yerlərində Azərbaycanın maddi-mədəniyyət abidələri; İrəvan xanlarının saray kitabxanaları, alim və üləmaların, görkəmli şəxsiyyətlərin şəxsi kitabxanaları, muzeyləri; Qarabağ və ətraf yerlərin işğalı nəticəsində talanmış, məhv edilmiş kitabxana və muzeylər; Azərbaycana məxsus əntiq əşyaların, qiymətli materilların dünya hərracına çıxarılması, beynəlxalq hüquq və qanunların pozulması və işğalçı dövlətin məsuliyyətə cəlb olunması (Haaqa konvensiyası, YUNESKO-nun maddi-mədəni irsin qorunması haqqında aktları) və s. əhatə edəcəkdi;
  2. “Qarabağ Azərbaycandır” layihə çərçivəsində “Qarabağ haqqında KİV materialları” və “Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş elektron kitablar”ı özündə cəmləşdirən məlumat bazasının yaradılması nəzərdə tutulurdu. Həmin bazada Qarabağın tarixi; mədəniyyəti; incəsənəti; ədəbiyyatı, dialektikası (Qarabağ şivələri); adət-ənənələri (xalq oyunları, rəqsləri, inancları, mətbəxi); musiqisi (muğam, aşıq sənəti) və s. bölmələrdən ibarət elektron informasiya bazaları yaradılıb aktiv istifadəyə verilməsi nəzərdə tutulurdu;
  3. 3“Qarabağşünaslıq: tarixi, mədəniyyəti, ədəbiyyatı və s.” biblioqrafiyasının hazırlanması planlaşdırılırdı.
  4. 4“Ünvan: Qarabağ!” mərkəzinin elektron informasiya bazasının yaradılması planlaşdırılmışdı;
  5. “Ünvan: Qarabağ!” mərkəzinin yaradılması: Layihənin məqsədi Qarabağ kitabxanaları üçün kitabların toplanılması və göndərilməsindən ibarətdir, doğma yurdumuzda məskunlaşacaq əhali, iş adamları, tələbələr, şagirdlər, turistlər, ictimai xadimlər və b. üçün zəruri olacaq kitabxana fondlarını formalaşdırmaq olacaqdı.

“Ünvan: Qarabağ!” adlı layihəmizlə nəzərdə tutduğumuz ilk kitab karvanları Mərkəzi Elmi Kitabxananın binasından Qarabağımıza yola salınacaqdı.

  1. Pandemiya dövründə MEK-in fəaliyyəti – COVID-19 virusu və pandemiya məhdudiyyəti ilə əlaqədar AMEA MEK canlı xidmət sahələrini dondursa da, alim və tədiqqatçılara informasiya xidmətini fasiləsiz olaraq onlayn rejimdə reallaşdırmağa nail olmuşdur. Belə ki, bütün pandemiya dövründə oxucuların sorğularına onlayn cavab verilərək, tələb olunan, istifadəsi zəruri olan resurslar rəqəmsal formatda MEK-in saytında təqdim edildi, istifadəçilərə e-poçt vasitəsilə gönədərildi. MEK-in fəaliyyət strukturunda və ədəbiyyat fondlarında nöqsanların aradan qaldırılmasına və əsaslı yeniliklərin həyata keçirilməsinə başlanıldı. Əməkdaşlar önləyici tədbirlər görməklə məhdud sayda növbəli şəkildə işə cəlb edildi, təhlükəsizlik tədbirlərinə riayət etməklə MEK-in daxilində fondların yerləşdirilməsi, şöbələrin rekonstruksiyası, virtual tədbirlərin təşkili və s əsaslı işlər görüldü. Oxucuların qəbulu şərtləri üzrə əməkdaşlara təlimlər keçirildi, oxucu-kitabxanaçı arasındakı sosial məsafənin gözlənilməsi qaydaları sayt vasitəsi ilə və məlumat lövhələrində açıqlandı. Antiseptik vasitələrlə təchiz olunmuş xidmət masaları təşkil edildi. Belə çətin bir şəraitdə Azərbaycanın elm məbədinin  intellektual sərvətlərinin qayğısına qalmaqla yanaşı, ziyallarımıza yüksək səviyyədə informasiya xidməti göstərmək MEK-in ali missyası, Vətən və Dövlət qarşısında  müqəddəs vəzifəsinə çevrildi.
  2. Demokratik prinsiplər, idarəetmədə peşəkarlıq və prinsipiallıq – MEK-də tətbiq edilən yeni xidmət metodlarından biri də açıq rəf üsulu ilə xidmət etməyə hesablanmış Şərqşqnaslıq, Qərbşünaslıq, Azərbaycanşünaslıq, Akademiklər fondu, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbələrində fondlarla birbaşa təmasda, ünsiyyətdə olmağa imkan verən qiraət zallarının və ixtisaslaşdırılmış interaktiv informasiya xidməti servisinin təşkil edilməsidir. Modernləşdirmə strategiyası yalnız kitabxananın xidmət sahələrinin kompüterləşdirilməsindən ibarət olmayıb informasiya-biblioqrafiya aparatının təkmilləşdirilməsi və yenidən qurulmasını, beynəlxalq standartların tətbiqini qlobal informasiya mühiti və cəmiyyətin, elmin informasiyalaşdırılımasının müasir  tələblərini əhatə edir.  Pandemiyanın yaratdığı böhran vəziyyətindən çıxmaq, kitabxananın fəaliyyətini bilik və informasiya tələbatının çevik, dinamik ödənilməsi səviyyəsinə gətirmək, planlaşdırma-proqramlaşdırma-maliyyələşdirmə sistemini büdcə imkanları ilə uzlaşdırmaq, daxili və xarici faktorları təhlil etməklə elmi tədqiqatların ciddi və etibarlı informasiya təminatçısı olmaq kimi vəzifələrin yerinə yetirilməsində peşəkarlıq və prinsipial mövqedən çıxış etmək başlıca məqsədimiz idi.
  3. AMEA elmi-tədqiqat institutlarındakı kitabxanalar – MEK-də Avtomatlaşdırılmış İnteqrasiyalı İnformasiya Sisteminin (AİİS) yaradılmasını nəzərdə tutan strateji proqram və bununla bağlı layihə AMEA sistemindəki kitabxanaların vahid avtomatlaşdırılmış informasiya şəbəkəsinin yaradılması istiqamətində işlər də planlaşdırılmışdı. ETİ kitabxanaların malik olduğu elmi-informasiya bazalarının MEK ilə qarşılıqlı mübadilə sisitemi elmi – tədqiqatların informasiya təminatı üçün yeni perspektivlər açır. Bunun üçün hazırda vahid elmi, texniki nəzri-metodoloji konsepsiya hazırlanacaqdı. Mərkəzləşdirilmiş sistemin təşəkkül edəcəyi halda isə MEK yalnız universal inteqrasiyalı informasiya məlumat bankının mərkəzi, kitabxana işi sahəsində avtomatlaşdırmanın tətbiqi üzrə inzibati orqan, metodiki mərkəz kimi funksiyaların icrasına məsuliyyət daşıyacaq və bu halda hər bir kitabxana müstəqil və ya inzibati mərkəz vasitəsilə mübadilə apara biləcəkdi. Akademiya kitabxanalarının elektron şəbəkədə mərkəzləşmiş qaydada fəaliyyət strategiyası da gələcək planların tərkib hissəsi idi.
  4. Kadr siyasətinin uğuru – Mərkəzi Elmi Kitabxanada aparılan islahatlarla əlaqədar ilk növbədə yeni struktur təsdiq üçün Rəyasət Heyətinə təqdim edilmişdir. Avqust ayında AMEA Rəyasət Heyəti yeni strukturu təsdiq etdi. Yeni struktur üzrə təcili işlərə başlamaq üçün kadrların düzgün yerləşdirilməsinə, peşəkar kitabxanaçıların, informasiya mütəxəssislərinin, biblioqrafların əməyinə ehtiyac böyük idi. Lakin MEK-in ştat cədvəli hələ təsdiq olunmamış qalırdı. Xüsusilə pandemiya dövründə alimlərimizə kitabxana-informasiya xidmətləri günün zərurətinə çevrilmişdi. Belə ki, bu müddət ərzində “Elm və mədəniyyət xadimləri” seriyasından 11 biblioqrafik göstərici hazırlanaraq çapa təqdim edilməsi, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin fəaliyyətinin təşkili və yeni alınmış avtomatlaşdırılmış kitabxana informasiya sisteminin (AKİS) tətbiqinə yaranan zərurət, mühasibatlıq şöbəsində əmək haqlarının və digər maliyyə əməliyyatlarının aparılması, yeni yaranan şöbələrinin formalaşdırılması, o cümlədən MEK-in yeni strukturunda daha səmərəli fəaliyyətə nail olmaq üçün çıxış yolu kimi daxili əmrlə şöbə müdirləri təyin edilməkdə görüldü və bu addım da özünü doğruldaraq tezliklə uğurlu ilkin nəticələr əldə edildi.

AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan ədəbiyyatın statistikası

  (yanvar – 11 noyabr 2020-ci il müddəti üzrə)

1) Dissertasiya  –  8 n.

2) Avtoreferat  –  38 n.

3) Hədiyyə (kitab) – 1773 n.

4) Hədiyyə (jurnal) –1238 n.

5) Pulsuz və məcburi nüsxə (kitab) – 549 n.

6) Pulsuz və məcburi nüsxə (jurnal) – 396 n.

7) Elektron resurs (CD)- 76

8) Qəzet  – 50 adda

9) Ödənişli əsaslarla – 35n.

10) BKM ilə daxil olan – 62 (rus dilində)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]